Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilib

02 aprel 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü ilə əlaqədar aprelin 2-də Bakı şəhərinin ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməcliyi  keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları  yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Mərkəzi Nəbatat Bağında və Mərdəkandakı Dendrologiya Bağında keçirilən iməclikdə buradakı ağac və yaşıllıqlara qulluq göstərirlib, təmizlik işləri görülüb. 
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb və günün sonuna kimi 545 küçə yuyulub. Əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında  əlavə təmizlik işləri görülüb.
İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Keçidlər