Şriftin ölçüsü :

Saytın rəngi :

Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət”in açılışı olub

06 mart 2023 | 13:28

 

Martın 6-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” yaşayış massivi,  Süleyman Əhmədov küçəsi  21, 22,  23, 24, 25, 26, 27 ünvanında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən minlərlə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” yaradılıb.

 

 

 

 

 

Keçidlər