Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda yeni liftlərin quraşdırılması davam edir

21 avqust 2019 | 16:00

Xəbər verdiyimiz kimi ölkə başçısı cənab İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar  Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən  bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.
Müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Keçən ay 63 ədəd lift Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami  rayonunda quraşdırılmasına başlanılıb. Eyni zamanda Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür.
Bir neçə gün əvvəl “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilmişdir.
Ilkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatmış və burada quraşdırılmış liftlərin Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlarin  mütəxəssislərindən ibarət komissiya tərəfindən istismara qəbul işləri görülür. Eyni zamanda Nizami rayonu Naxıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binalarında da 22 ədəd yeni lift quraşdırılıb, Qaradağ rayonu Müşviq qəsəbəsində və rayondakı “E” yaşayış massivindəki binalarda 21 ədəd yeni liftlərin quraşdırılaraq müvafiq qaydada təhvil verilməsi başa çatmaqdadır. Ümumilikdə isə bu gün Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir.
KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. Işlər çərçivəsində köhnə liftlər demontaj edilib, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid şəkilib.
Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Eyni zamanda 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq.  Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnmişdir. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər  320 kq və 0,71 metr/saniyə idi.
Bildirildi ki, Bakı şəhəri üzrə   çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcəkdir. Ilin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub. Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur.

Keçidlər