Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə çağırış etdi

10 iyun 2021 | 16:00

Son vaxtlarda ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində Bakı şəhərinin  yaşıllaşdırılması sahəsində önəmli işlər görülüb. Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş şəhərlərin təcrübəsindən yararlanaraq geniş miqyaslı ağacəkmə aksiyaları keçirilir, yeni meşə tipli parkları, yaşıllıq guşələri yaradılır, şəhərin estetik görünüşünə xüsusi yaraşıq verən yeni ağaclar, kollar və güllər əkilir.
Bu işlər çərçivəsində Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında  küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.
Bununla əlaqədar paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərimizə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə   öz töhfəsini verməyə çağırır.
Qeyd olunmalıdır ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları  binalarin eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri  eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcəkdir.
Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb. 
Bununla da sakinlərimiz paytaxtımızın daha da gözəlləşdirilməsində, onu dünyanın ən yaşıl və gözəl şəhərlərindən birinə çevrilməsində iştirak etmiş olacaqlar.

Keçidlər