Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtın uşaq bağçalarına qəbul elektron qaydaya keçir

26 iyul 2021 | 16:00

Ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə  bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, cari il avqust ayının 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.
Pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Sisteminin tətbiqi Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tədbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcəkdir.
Bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər