Şriftin ölçüsü :

Saytın rəngi :

BMT mütəxəssisləri Bakıda ağacların müayinəsini keçirib

09 mart 2022 | 16:00

Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş   şam ağaclarının bir sıra növlərinin quruması baş verir ki, bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin  iştirakı ilə müşavirə və görüşlər  keçirilib. Araşdırmalarla bağlı xüsusi olaraq Bakıya dəvət edilmiş BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri paytaxt ərazilərində bir sıra yerlərdə olub, araşdırmalar aparıblar.
Qonaqlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən qəbul edilib, görüşdə aparılan araşdırmaların nəticələri, xəstəliyin aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilib.
Bakı şəhərində şam ağaclarında yayılan xəstəliyin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxt ərazisində apardıqları tədbirləri və ümumilikdə gördükləri işləri yüksək qiymətləndirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aparıcı mütəxəssisi Şiroma Sathyapala araşdırmaların nəticələri barədə mətbuat nümayəndələrinə məlumat verib. Qeyd edilib ki, bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və onun araşdırmaları göstərib ki, Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir. Bakıda yeni əkilən ağacların, salınan meşə parkları çox müsbət hal kimi qiymətləndirən xanım Şiroma Sathyapala bildirib ki, qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və  problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.  Bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

 

Keçidlər