Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 21-də Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi meriyada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “92-ci ilin qarı” adlı tədbir keçirib.

27 fevral 2014 | 16:00

“Media forum” saytının məlumatına görə, tədbirdə icra hakimiyyəti qurumlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, QHT təmsilçiləri iştirak edib.
Tədbiri açan Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Xocalı soyqırımının Azərbaycan xalqının tarixinə qara hərflərlə yazıldığını qeyd edib. O, 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən müdhiş hadisənin Xocalı soyqırımı olduğunu qeyd edib: “Bu hadisə 20-ci əsrin ən dəhşətli və qəddar hadisələrindən biridir. Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin zirvəsidir”.

Bakı Şəhər İcra Hakimiyyətinin sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov Xocalı soyqırımının bəşəriyyətə qarşı qanlı cinayət olduğunu deyib: “Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri və ideoloqları Dağlıq Qarabağı, digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq istəyirdilər. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər”.

Tədbirdə deputat Fəzail Ağamalı, QHT təmsilçiləri Şəbnəm Tofiqqızı, Növrəstə Yusifova, Xədicə Babayeva da çıxış ediblər.

Sonda Bakı Şəhər Kino Xidməti İdarəsində hazırlanan “92-ci ilin qarı” filmi nümayiş etdirilib. Filimin qəhrəmanları qanlı gecənin şahidləridir. Həmin qəhrəmanların bəziləri 10 gündən çox meşədə gizlənənlərdir.

Film Goranboyda və Goranboyun Ağcakənd kəndində çəkilib. Ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.

92 ci ilin Qari

Xocali

Xocalı soyqırımı

 

Keçidlər