Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında (2006-2007-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.
Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmiş, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artmışdır.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etsin;
2.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparsın.
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il.
№ 80

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Bu dövlət proqramları, o cümlədən “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, nəticədə şəhər abadlaşmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə qərara alıram:
1. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
3.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2011-ci il
№ 1490

 

Keçidlər