Şriftin ölçüsü :

Saytın rəngi :

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN TARİXİ

Rusiyada şəhər özünüidarə orqanlarının, yəni dumaların və bələdiyyə idarələrinin yaradılması barədə rus imperatoru 1870-ci il 16 iyun fərmanını verdi. Həmin fərmana əsasən, Rusiyanın bütün iri şəhərlərində bələdiyyə idarələri təşkil olundu və dumaların yaradılması seçkilərinə başlandı. Bakıda isə bu fərman ancaq səkkiz il sonra həyata keçirilməyə başlandı. Bunu da onunla izah edirdilər ki, guya qeyri-millətlər özlərini idarə etməyə hələ qadir deyillər.

Yalnız 1878-ci ildə Bakıda Dumaya seçkilər başladı. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. Duma üzvünə o zaman "qlasnı" deyilirdi. Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Dumaya yaşı 25-dən yuxarı olan, daşınmaz əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər. Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi. Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.

O zaman Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasnı seçilmişdilər. Onlar əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumların Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki İstiqlaliyyət küçəsindəki binaya (Hazırkı Bakı Sovetinin binası) köçmüşdü. Fərmanın verilmiş olduğu tarix də " yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər.

Dumanın iclasları rus dilində aparılırdlı. Buna görə rus dilində danışa bilməyən qlasnılar iclaslarda çox zaman mürgü vururdular. Həsən bəy Zərdabi isə iclaslarda tez-tez çıxış edərək şəhərdəki qanunsuzluğu, natəmizliyi, rüşvətxorluğu kəskin tənqid edir, şəhərdə yeni məktəblərin açılmasını, kasıb uşaqlarının pulsuz oxudulmasını, ümumiyyətlə, maarif işlərinə ciddi kömək etməyi tələb edirdi. Rus dilində müntəzəm çıxış edənlərdən biri də qlasnı Rəsulov idi.

Bakı varlılarından H.Z.Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov, Ağabala Quliyev və başqaları bütün dövrlərdə həmişə qlasnı seçilirdilər.

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:

Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş.

Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977

Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991

Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci ildən hal-hazıradək

Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18 saylı ünvandakı binada yerləşir.

Keçidlər