Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda küçələr yenə dezinfeksiya edildi

11 sentyabr 2021 | 16:00

Ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə sentyabr ayının 11-i səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib və gün ərzində  paytaxtda 550 küçə dezinfeksiya olunub.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.
Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.

Keçidlər