Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər haqqında

                               

 

Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. Bakı özündə 12 inzibati rayonu birləşdirir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti, şimaldan cənuba, qərbdən şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir fironu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də, Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

Bakı XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

 

                                                BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

 

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:

  • Bakı Şəhər Duması — ​1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş;
  • Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi — ​ 1939-1977-ci illər;
  • Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi — ​ 1977-1991-ci illər;
  • Bakı Şəhər İcra Hakimiyyəti — ​ 1991-ci il.

Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18 saylı ünvandakı binada yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın tikintisinə 1900-cü ildə başlanmış və 1904-cü ildə başa çatmışdır. Binanın milliyətcə polyak olan memarı İ.Qoslavski, (1865-ci ildə Varşavada anadan olmuş, 1904-cü ildə 39 yaşında vəfat etmişdir. 1892-ci ildən Bakının baş memarı olmuşdur) əsasən, barokko motivlərindən və klassik kompozisiya üsullarından geniş istifadə etmişdir. Bu, memarın son yaradıcılıq əsəri olmuşdur. Binanın fasadının bəzəyi üçün İtaliyadan məxsusi olaraq gətirilmiş qırmızı dekorativ kərpicdən və rəngli mərmərdən istifadə olunub.

Fasadın mərkəzini Bakının Daş üzərində həkk olunmuş gerbi bəzəyir. Gerbin ortasında Azərbaycanın odlar diyarı olduğunu təsdiqləyən simvolika — dəniz dalğalarının üstündə üç ədəd qızılı rəngdə məşəl yerləşdirilmişdir. Şəhərin ilk gerbi 1840-cı ildə təsdiq edilmişdir.

1890-cı ildə ikinci gerb, 1967-ci ildə üçüncü və nəhayət, bugünkü gerb 2001-ci ildə təsdiq edilmişdir.

Keçidlər