Böyük Britaniyanın səfiri Ceyms Şarp – “Bu gün Bakı şəhərinin küçələri öz təmizliyi ilə seçilir
Artıq üç ildir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunmasının müasir səviyyədə təşkili ilə bağlı layihəni uğurla həyata keçirir.
Əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə daha sonra mərhələli şəkildə daha 3 paytaxt rayonunda – Nizami, Nəsimi və Yasamal rayonlarını da əhatə edib. Sakinlərlə aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində layihənin tətbiq edildiyi 4 rayonda müsbət nəticələr əldə edilib. Əldə edilən nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır.
Qeyd edək ki, ilk günlərdən layihənin icrası Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Bundan əlavə, “Mott MacDonald” şirkətinin rəhbərliyi və nümayəndələri xüsusi yaradılmış BŞİH-nin bərk məişət tullantılarının idarə edilməsi üzrə Monitorinq Mərkəzində tullantıların kompozisiya tərkibinin və çeşidləmə səviyyəsinin yoxlanılmasına nəzarət edirlər.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzinə gələrək birgə layihənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olub. Səfirə layihənin tətbiqi və qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
Tanışlıqdan sonra səfir Ceyms Şarp bildirmişdir ki “Bu gün Bakı şəhərinin küçələri təmizliyi ilə seçilir. Bakı Şəhəri İcra Hakimiyyətinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə həyata keçirdiyi tullantıların idarə edilməsi layihəsinin uğurlu icrasını görməkdən çox məmnunam. Tullantıların idarə edilməsi və təkrar emalı iqlim dəyişiklikləri ilə mübarizə üçün olduqca önəmlidir və mən hər kəsi bu prosesdə iştirak etməyə çağırıram”.