Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak ediblər

21 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 21-də paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Bakı Avropa Liseyinin yeni binasında yaradılan şərait barədə məlumat verdi.
İnşasına ötən il başlanılan bu tədris müəssisəsində 70 sinif otağından başqa fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana müəllimlərin və şagirdlərin ixtiyarına veriləcək. Bir sözlə, burada yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, istedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir. Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Liseyin özünəməxsus təhsil modeli var. Mühəndis, robot, iclas, incəsənət, elm və kids zonalarına bölünən steam otaqda şagirdlər üçün müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılıb.
Məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan Azərbaycanda dövlət səviyyəsində çox əhəmiyyətli layihələr ardıcıl şəkildə həyata keçirilir. Görülən bütün bu işlər yüksək intellektə malik insan kapitalının yetişməsində, beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rol oynayır, peşəkar, bilik və bacarıqlara yiyələnən, daim rəqabətə davamlı insan resurslarının təmin edilməsinə böyük töhfə verir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunub, müasir innovativ tədris üsulları uğurla tətbiq edilib.

Keçidlər