Şriftin ölçüsü :

Saytın rəngi :

Azyaşlı uşaqlar üçün Qarabağ müharibəsinə həsr olunan yeni kitabın təqdimatı keçirilib

13 yanvar 2022 | 16:00

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə  birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.
İlk öncə muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasını dinləyiblər.
Təqdimat mərasimini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev açmışdır.  Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev, 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, 6-ci sinif şagirdi, Milli Azərbaycan Tarixi Muzeyin direktoru Nailə Vəlixanlı, BŞİHBA İctimai-siyasi, humanitar məsələlər  və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və digər çıxış edənlər bildiriblər ki, bu kitab ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaqdır.
Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış olublar.
Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat veriblər.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər