Şriftin ölçüsü :

Saytın rəngi :

Küçələrdə avtomobil saxlamaq qadağan olundu

14 avqust 2013 | 15:00

 

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanmışdır.

Məktubda deyilir:

“Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” müvafiq sərəncamına əsasən paytaxtın Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov (Hökümət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 may, Xəqani, Xəqani adına bağın ətrafı (keçmiş “9 Yanvar” bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, Nizami metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə. Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilmişdir. Paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər. Rəhbərlik etdiyiniz qurumlarda çalışan avtomobil sahiblərindən qeyd olunan problemin aradan qaldırılması məqsədilə xidməti və fərdi avtomobillərin Heydər Əliyev adına Saray ilə Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında parklanmasını tövsiyə etməyiniz xahiş olunur.

Əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaqdır”.

Keçidlər