Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda güclü leysanın fəsadları aradan qaldırıldı

24 sentyabr 2018 | 16:00

Sentyabrın 23-də Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranmış, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatlara görə 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil etmişdir. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Bakı şəhərinin Nərimanov rayonunda bu göstərici hətta 191 % olmuşdur. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, “Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülmüşdür.

Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilmiş, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənmiş, nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmamışdır.

Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olmuşdur. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahıl” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar, gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.

Qeyd olunmalıdır ki, güclü yağışın yağması təbiət hadisəsi olmaqla, dünyanın bütün ölkələrində baş verir və heç bir ölkə bu kimi hallardan sığortalanmamışdır. Ona görə də buna adi təbiət hadisəsi kimi baxılmalıdır. Lakin buna baxmayaraq kommunal və digər xidmətlər hər zaman belə hallara hazır olmalıdırlar.

Keçidlər