Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

06 noyabr 2018 | 16:00

IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri rayonlarının İcra hakimiyyətlərinin dəstəyi ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan daha bir həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Xətai rayonu,  Afiyyəddin Cəlilov küçəsi 11, Fəzail Bayramov küçəsi 5, Firuz Qənbərov küçəsi 6 və Serqey Senyuşkin küçəsi 10 ünvanlarda 600 nəfər sakinin yaşadığı 4 ədəd beş mərtəbəli binaları əhatə etməkdədir.

"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan ümumi sahəsi 6500 kv.metr olan həyətdəki  binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Binaların girişləri əsaslı təmir olunmuş, giriş qapıları müasir standartalara uyğun olaraq yeni kod tipli qapılarla əvəz olunmuş, girişlərdəki köhnə pəncərələr yeniləri ilə əvəz olunmuş, binaların kürsü hissəsi aqlay üzlük daşı ilə üzlənərək fasadları əsaslı təmir olunmuşdur. Binaların girişlərindəki sakinlər tərəfindən quraşdırılmış qeyri qanuni tikililər sökülərək girişlər əvvəlki vəziyyətinə gətirilmişdir.

Həyətdə yerləşən xeyir-şər evi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Həyətdə səkilərə 680 metr uzunluğunda yeni səki daşları düzülmüş, köhnə asfalt örtüyü qaşınaraq 3500 kvadratmetrə yaxın yeni asfalt örtüyü salınmışdır. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilmiş, 600 kvadratmetrə yaxın ərazidə yaşıllıq zolağı salınmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni söhbətgah, idman qurğuları, uşaqlar üçün uşaq əyləncə mərkəzi quraşdırılmış və döşəməsi rezin örtüklə örtülmüşdür. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Həyətə yeni müasir tipli oturacaqlar  qoyulmuş,  müasir işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdirilmışdır.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilmişdir. Sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan yeddinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər