Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

16 dekabr 2022 | 10:30

 

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilmiş və bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz elmi məqalələri ilə çıxışlar etmişlər. Yekun konfransında rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmış və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görmüşdür.

Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyi, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələrinin iştirakı ilə keçirilən və şagirdlərin özlərinin sədrlik etdiyi təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı və ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizdən bəhs edən video-çarx nümayiş etdirildi.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hər dəfə Azərbaycan tarixinə ekskurs edərkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri əvəzedilməzdir.

Bu gün dünya əhalisinin 25 faizini müsəlmanlar təşkil edir və son 200 il ərzində ilk dəfə müsəlman ölkəsi öz torpağını azad etməyə nail olub. Bu da Azərbaycandır.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Səbail rayonu 6 nömrəli məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova, Nizami rayonu, 201 nömrəli məktəbin müəllimi Nahidə Əliyeva, Suraxanı rayonu, 118 nömrəli məktəbin 10-cu sinif şagirdi Fatimə Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu  Ümid Şükürlü və başqaları çıxış edərək  rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verdilər. Bildirildi ki, ənənəvi olan və hər il on minlərlə şagirdi əhatə edən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Son nəticədə isə belə bir kitab işıq üzü görmüşdür.

Qeyd olundu ki, Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan və 2000-dən çox şagirdin hazırladığı monoqrafiyaların paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

 Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

 

 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

 

 

Keçidlər