Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

20 iyun 2023 | 15:54

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, eləcə də müxtəlif yaş qrupları üzrə uşaqların inkişafını dəstəkləyən avadanlıqlar quraşdırılıb və oyun meydançaları salınıb. Bununla yanaşı gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda idmanla məşğulolma vərdişinin yaradılması məqsədilə ərazi müxtəlif idman qurğuları ilə təchiz olunub. Eyni zamanda, həyətyanı sahədə 6 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Yaşayış zonasında yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadı və blokları tam təmir olunub, asfalt və dam örtükləri yenilənib, blokların köhnə pəncərələri  yeni plastik pəncərələrlə əvəz olunub, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 388 ədəd müxtəlif cinsli ağaclar əkilib, 2540 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı “yaşıl səddlər” (green barriers) yaradılıb.

Yeni həyətin açılışı zamanı ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönləndirmək, ətraf mühitin qorunması və atmosferi oksigenlə zənginləşdirmək məqsədi ilə əraziyə könüllülərin iştirakı ilə müxtəlif növ ağaclar əkilib.

 

Keçidlər