Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxıblar

30 aprel 2023 | 16:53

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.

Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vurublar. İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Keçidlər