Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib

15 aprel 2023 | 11:34


           Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü, həmçinin ayın sonunda Bakıda “Formula-1” Azərbaycan Qran Prinsinin keçirilməsi və paytaxtıza dünyanın müxtəlif ölkələrindən şoxsaylı qonaqların gəlməsi ilə əlaqədar aprelin 15-də Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik şəhərin bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərilərindəki yorpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və iməclik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və təmizlik və abadlıq işləri həyata keçirilib.

Sevindirici haldır ki, bu gün paytaxtın küçə və prospektləri, park və bağları təmiz və baxımlı vəziyyətdədir. Bu hal sakinlərimiz və paytaxtin qonaqları tərəfindən xüsusi olaraq qeyd edilir. Keçirilən bu iməclik Bakımızın daha da abadlaşmasına və gözəlləşməsinə töhfə olmuşdur.

 

 

 

Keçidlər