Eldar Əzizov və Niyazi Bayramov Tbilisidə Kaxa Kaladze ilə görüşüb
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov iyun ayının 6-da Tbilisidə keçirilən XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumunda (Sağlam Şəhər - Yaşıl, Ekoloji Təmiz Mühit, Çevik və Dayanıqlı Şəhər İnkişafı) iştirak etmək üşün Gürcüstanın paytaxtına gəliblər.
Həmin gün Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov Gürcüstana səfər çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüblər.
Görüşdə tərəflər qardaşlaşmış iki paytaxt – Bakı və Tbilisi arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.
Kaxa Kaladze həm dost və qardaş ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.
Bakı Şəhər İcra Hakimiyyətnin başçısı Eldar Əzizov bu gün Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində görülən işlər, xüsusilə işğaldan azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri barədə məlumat verib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə hazırladığı və artıq 8 dildə çap edilmiş “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” və Bakı şəhəri haqqında digər kitabları Kaxa Kaladzeyə təqdim edib.