Şriftin ölçüsü :

Saytın rəngi :

Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyətin açılışı olub

27 dekabr 2022 | 09:49

 

Dekabrın 27-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib, uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Xətai rayonu, “8 Noyabr” prospekti 36, 38, 40, 42, 44, Cavanşır küçəsi 30, 32, 34,  Xaliq  Əziz-zadə küçəsi 2 və 4 ünvanında, 8 ha ərazidəki 10 ədəd çoxmənzilli binada 3145 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə 2 ədəd süni örtüklü mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2650 ədəd müxtəlif cinsli ağaclar və kollar əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən minlərlə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” yaradılıb.

 

Keçidlər