Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxt meriyasının layihəsinə Pirallahı rayonu da qoşuldu

13 aprel 2023 | 12:20

 

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott  MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.  Nərimanov rayonunda icrasına başlanan layihəyə daha sonra Nizami,  Nəsimi, Yasamal, Xətai və Səbail rayonları  da  qoşulmuşdu.  Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında  da  yeniliklərin tətbiqinə imkan yaradıb.  Bununla əlaqədar cari ilin aprel ayında Bakının Pirallahı rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulur.

Layihəyə yeni qoşulacaq  Pirallahı rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 64 ədəd konteyner meydançası yaradılıb. Bu meydançalara 294 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.

Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Pirallahı rayonunun məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Pirallahı  Rayon  İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri,  gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi  arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır,  məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.   

Xatırladaq ki,  layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə  tam  cavab verən  104  ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

 Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına,  ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına,  ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

 

 

 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

Keçidlər