Şriftin ölçüsü :

Saytın rəngi :

Paytaxt meriyasının layihəsinə Səbail rayonu da qoşuldu

16 avqust 2022 | 17:13

 

 

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın Mott MacDonald şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi artıq 4-cü ildir ki, uğurla icra edilir. İlk olaraq Nərimanov rayonunda başlanan bu layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulmuşdur. Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında da yeniliklərin tətbiqinə imkan yaradıb və sentyabr ayından etibarən Bakının daha 2 rayonunda bu layihənin tətbiqinə başlanacaqdır.

Artıq Səbail rayonunda hazırlıq işlərinə start verilib. İlk növbədə  rayon ərazisində 277 ədəd konteyner meydançası yaradılıb ki bu meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılacaqdır. Əraziyə cavabdehlər təyin olunub. Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük yer ayrılıb. Bununla əlaqədar Səbail rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici-izahedici görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İcitmai Birlriyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər həyət və məhəllələrdə sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici  posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-lərdə də geniş aparılmasına başlanılıb.

Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi  üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq kommunal xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.

 Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına  və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

 

 

 

 

 

 

 

 

Keçidlər