Şriftin ölçüsü :

Saytın rəngi :

Son 5 ildə Bakıda işıqlandırılan küçələrin sayı 2 dəfə artıb

12 iyun 2023 | 15:57

Son illər paytaxt Bakının daha da abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində ciddi addımlar atılıb. Bu gün Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq paytaxtın sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən işlərdən biri də şəhərin küçə və prospektlərinin, eləcə də Bakıətrafı qəsəbələrdə küçələrin işıqlandırılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynovun bildirdiyinə görə Bakı şəhərində küçələrin işıqlandırılması ilə əlaqədar son vaxtlarda aidiyyəti qurumlar tərəfindən bir sıra işlər həyata keçirilib.

Təsdiq edilən qrafikə uyğun olaraq paytaxt ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır. Yeni kabel xətləri çəkilir və yeni işıq dirəkləri quraşdırılır. Belə ki, əgər 2018-ci ildə Bakı şəhəri üzrə işıqlandırılan küçələrin sayı 1216 idisə, 5 il ərzində bu rəqəm artaraq 2466 olmuşdur. Təkcə keçən ilin sonundan  başlanan küçə işıqlandırılması işləri çərçivəsində nəzərdə tutulan yeni layihəyə əsasən 548 küçədən 320-də artıq  işlər başa çatdırılaraq istismara qəbul edilib, digər küçələrdə bu işlər davam etdirilir. Yeni çəkilən küçə işıqlandırılması ilə paralel olaraq istismar müddəti başa çatmış mövcud 82 küçənin işıqlandırma xətləri və elektrik dirəkləri yeni, müasir sistemlərlə əvəz edilib. Görülən işlər mərkəzlə yanaşı qəsəbələri də əhatə edir.

Yeni quraşdırılan işıq dirəkləri led lampalarla təchiz edilib, bu işıqlar ənənəvi lampalardan 50 faiz qənaətçildir. Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki onların ömrü kifayət qədər çoxdur. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemə qoşulur.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Keçidlər