Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI

Bakı Şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Dumasının) binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir. Onun inşası 1900 ildə başlanıb, 1904 ildə başa çatmışdır. Bu iş İ.V.Qoslavskiyə həvalə edilmişdi. Memar, İtaliya renessansına sadiqliyinə baxmayaraq, binanın inşasında barokko motivlərindən istifadə etmişdir.

Bu üslub öz yüksək dinamikliyi, güclü plastikası və zəngin dekoru ilə, hər şeydən çox, monumental bir tikilini yaratmaq üçün uyğun idi.

Qoslavski bu işə öz istedadını qoydu, şəhər upravası isə xəsislik etmədi: binanın inşası 400 000 rubla başa gəldi.

Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilmişdir.

Memar klassik kompozisiya sxeminə riayət edərək, dumanın binasını simmetrik tikdi. O, mərkəzi oxu hündür bürclə tamamlayaraq, onu əsas hissənin üfüqi bölmələrinə qarşı qoydu. Bürcü əsas fasadın mərkəzinə yerləşdirən və onu üzvi surətdə əsas hissə ilə birləşdirən Qoslavski, detalların və elementlərin müxtəlifliyinə baxmayaraq, ümumilikdə kompozisiyaya parlaqlıq və bütövlük vermişdir.

Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir. Bugünədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə ulu babalarımızın sitayiş etdiyi və Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub.

Bina uğurla seçilmiş proporsiyaları ilə seçilir. Burada barokkonun ən yaxşı xüsusiyyətləri heyranedici qarmoniyayla cəmləşib.

Bunların hamısı tamaşaçıda fərəh və ehtiram hissi oyatmalı, binanın fasadına təlqinedici təmtərahlılıq verməli idi. Dumanın binası sanki Bakının əfsanəvi zənginliklər şəhəri olması haqqında yayılmış fikri təsdiqləməli idi.

1870 ildə təsis edilmiş və Bakı qalasının Qoşa qala divarları yaxınlığında ikimərtəbəli binada yerləşən şəhər upravası 1904 ildə öz yeni gözəl binasına köçdü. Bakı şəhər upravası Rusiya imperiyasında ən zəngin upravalardan biri sayılırdı.

Hal-hazırda bu binada Bakı Şəhər İcra Hakimiyyətinin binası yerləşir.

Keçidlər